12 Ocak 2016

37°2 Le Matin (Betty Blue) - Jean-Jacques Beineix (1986)



“Betty Blue” filmi əslən erməni olan fransız yazıçı Philipe Dijanın romanıdır və 1986-cı ildə rejissor Jean-Jacques Beineix tərəfindən ekran həyatı verilib. Bir çox dilə çevrilmiş roman qeyri-adi sevgi haqqındadır. Bu film xəyallarını gəlin paltarı və mübahisəsiz aidiyyatçılıq üzərində quran insanların xoşuna gəlməyəcək bir sevgi əhvalatını mövzu edir. Betty və Zorg Fransanın ucqar bir qəsəbəsində, heçliyin tən ortasında sadə bir həyat yaşayırlar. Biri müxtəlif  barlarda ofisiantlıq edir, digəri isə xırda-para şeylərin təmiri ilə məşğul olur. Bu iki insanın həyatı kəsişdiyində isə qeyri-adi sevgi əhvalatı da başlamış olur. Betty müasir cəmiyyətdə saxtakarlığa, qeyri-səmimiliyə qarşı nifrəti ilə Zorgun həyatına daxil olduğunda artıq hər şey kökündən dəyişir.

Betty fikirlərinin, bədəninin, həyatının idarəsini öz əlində tutmağı bacaran güclü bir personajdır. Şablonlara, xarici təsirlərə, tutarsız ictimai reflekslərə qarşı duyduğu əsəb hissi onun ən böyük gücüdür. Zorg isə içə qapanıq, cəmiyyətə və onun qanunlarına boyun əyən, daima özünü çərçivələyən kişi fiqurudur. Xəyallarına belə nufüz edən bu çərçivə, daxilində əmələ gələn potensial üsyanla birlikdə, onun günbəgün daha da böyük bir qaranlığa, daha kəskin zülmətə, heçliyə yumalanmağına şərait yaradır. Onların kəsişən yolları seksual münasibət üstündə qurduqları bir münasibət olmağına baxmayaraq, bu münasibət davamlı konstruktiv və dağıdıcı bir çox prosesi özü ilə bərabər gətirir. Burada “bir insanı qəhrəman edən nədir?” sualı ön plana çıxır. Milyon qiymətində olan satışlar, reklamlar, böyük yaxşılıqlar, fitrələr, zəkatlar, ictimai fəaliyyət, siyasi mübarizələr, inqilablar və s.? İnsanı qəhrəman edən bunlardımı? Xeyr, film ən böyük mənanı adi insanın sahib çıxdığı iradəsinə yükləyir.


“Betty Blue” və yaxud digər adı ilə “37°2 Le Matin” sevgi haqqında çəkilmiş ən təsirli filmlərdən biridir. Film sevgililərin tanış olduğu ilk səhnədən son səhnəyə qədər tamaşaçının yaddaşında iz qoya bilir. Münasibətin birinci həftəsindən başlayan film sonacan tamaşaçını özü ilə aparır. Buna səbəb isə sevgililərin dəyişkən və fərqli münasibətlərini canlı şəkildə göstərməyidir. Filmi vacib edən əsas məsələ, Bettynin dəlilikləridir ki, o, ağlına nə gələrsə, hətta adam öldürmək olsa belə edə biləcək potensialdadır. Digər məsələ isə Betty nə edirsə etsin Zorgun ona sadiq qalmağıdır. Film boyunca bütün hadisələri personajların bu əsas xarakteri meydana gətirir. Film təsiredici əsas fikri və sinematikliyi ilə tamaşaçını düşünməyə və ekperimentallığa vadar edərkən; Beatrice Dalle canlandırdığı Betty rolu ilə bəlkə də, kino tarixinin ən yaxşı aktrisa performanslarından birini ortaya qoyur.


0 Şərh:

Yorum Gönder