26 Ocak 2016

"Kafka" - Steven Soderbergh (1991)



Steven Soderberghin 1991-ci ildə lentə aldığı və baş rolu Jeremy İronsun canlandırdığı “Kafka” filmi dünyaca məşhur yazıçı Frans Kafkanın həyatına və əsərlərinə əsaslanan, ağ-qara formatda və kafkaesk üslubda olan ekran işidir. Hələ sağ ikən atasının istəyi ilə hüquq təhsili almış, Praqada bir sığorta şirkəti işçisi və adı bilinməyən yazıçı; ölümündən sonra isə dünyaca məşhurluq qazanan, yazdığı kitablarla yanaşı onun haqda yazılan tənqidlərlə ədəbi cığır yaratmış çex yazar-Frans Kafka. Soderbergh kafkaesk atmosfer yaratmaq üçün Kafkanın həyatını Kafkanın daxilindən qopmuş məşhur əsərlərinin quruluşundan istifadə edir. Çünki kafkaesk üslub qaynağını Kafkanın daxilindən, həm də ona yapışıb qalan insanların ruhundan və Praqadan alır. Kafkanın həyatında, ruhunda və şəxsiyyətində ən dərin iz buraxan şəxs isə atası Herman Kafkadır. Aralarında nəsil qarşıdurmasından əlavə xarakter fərqliliyi, mənəvi ikiqütblülük, həyatın mənasını dərk etmə mövzusunda böyük bir uyuşmazlıq və bütün bunların nəticəsində ölənədək Kafkanın ardınca düşən günahkarlıq duyğusu ilə harmoniyada olan çatışmazlıq hissi, ata və onun simvolizdə etdikləri ilə mübarizə halındadıdr.


Soderbergh Kafkanın həyatına, kimliyinə, ağrılarına, qarabasmalarına, zəifliklərinə, həsrətinə, xəyallarına, kədərinə, bütün ruhunu əks etdirən əsərlərindən bəzilərinə filmdə xüsusilə yer verib. İş yeri atmosferi və burdakı lazımsız köməkçilər, filmə bütünlüklə siraət etmiş uzaqdan görkəmli, çöldən yaxud da içəridən əlçatmaz qəsr və dedektivlər, böyük sənəd şkafları ilə “Məhkəmə” əsərinə və bütün Kafka yazı dünyasının incəliklərinə Soderbergh filmdə çox gözəl toxuna bilib. Filmdə Kafka personajının gözlərini çəkə bilmədiyi və heç cür uzun-uzadı söhbət edə bilmədiyi Anna obrazı da sanki Milena kimi Kafka sevgisi ilə gülümsəyir. Soderberghin Kafkanın vəsiyyətinə vurduğu eyham da filmdə tutarlı alınıb. Kafkanın Qəsrə gedən yolu taun epidemiyasından qalma, məzara bənzəyən gizli keçid yolunu ona göstərən qəbir qazanla vəsiyyətinə dair qurduğu dialoq çox mənalı alınıb. Max Brod yaşayarkən başa düşülməyən Kafkanın vəsiyyətinin əksinə olaraq onun bütün əsərlərini yayımlayır və oxucuların yaddaşında Kafkanın öz qəsrini qurmağına imkan yaradır.


Soderbergh Kafkanın həyatına həddən artıq təsir edən ata fiquru Herman Kafkaya filmdə haqq elədiyi diqqəti göstərmişdir. Kafkanın atasının səslənişi ilə başlayan film finalda da Kafkanın atası ilə arasında olan bütün uçuruma və patriarxal basqıya rəğmən, qəbul etmə və barışıq cümlələri ilə gözəl bir sonla yekunlaşır. Kafka qəsrin ölüm fərmanına baxmayaraq qulyabani qatildən qaçaraq qəbir qazanın köməyi ilə qəsrə gizli şəkildə girib bombanı sadist Doktor Murnaunun işgəncə makanında partladır və sonda qarşısını ala bilmədiyi cinayətlərin intihar olduğunu müfəttişlərə deyərək qəbul edir.

Steven Soderbergh Kafka kimi fəlsəfi dərinliyə malik, ədəbi və əbədi bir yazıçını filmdə hər kadraja Kafkadan izlər, Praqadan hisslər və fonda yəhudi musiqiləri vasitəsi ilə çox gözəl təhkiyə etmişdir. Jeremy İrons da Kafkanı özünküləşdirərək və mənimsəyərək həqiqi və təsirli ifa yaradıb. Kafkanın əsərlərindən və həyatından təsirlənən hər sənət əsəri Kafka qədər Kafkanın sənətçidə yaratdığı izləri də özündə ehtiva edir. Ona görə ki, əvvəlcə Kafka kainatına şərtsiz təslim olmaq, sonra bu kainatda öz planetini yaratmaq lazımdır və Soderbergh də bunu çox gözəl bacarıb.

0 Şərh:

Yorum Gönder