28 Ocak 2016

Vera Chytilova - Ölməyən kino ehtirası



Vera Chytilova 1929-cu ildə Çexoslovakiyada Ostrava adlı şəhərcikdə anadan olub. 1960-cı illərdə Çexoslavakiyaya hakim olan azad atmosfer Fransa Yeni Dalğası və İtaliya Neorealizmindən bəslənən bir kino axımına təkan verəcəyinə dair şərait yaradırdı. Beləliklə 60-cı illərdə çəkilən ard-arda filmlər Çex Yeni Dalğasının formalaşdığını artıq dilə gətirirdi. Vera Chytilova oyuna gec qoşulsa da qısa zaman kəsiyində Çex Yeni Dalğasının mihəng daşlarından birinə çevrilir. Hələ 1962-cı ildə oxuduğu film məktəbindən məzun olarkən tamamladığı, bir manikenin gündəlik həyatını diqqətə gətirən “Strop” adlı qısametraj filmlə öz feminist xarakterini ortaya qoyur. Sonrakı filmi artıq tammetraj idi. 1963-cü ildə lentə aldığı “O Nicem Jinem” (“Something Different”) filmində altpaltarı ilə gəzinən bir ev qadının paralel hekayələrini mövzu edirdi və film tənqidçilər tərəfindən güclü feminist filmlərdən biri kimi qiymətləndirilir. Chytilovanın özünəxas axtarışları 1966-cı ildə lentə aldığı “Sedmikrasky” (“Daisies”) filmi ilə davam edir və bu film onu beynəlxalq arenada məşhurlaşmağına səbəb olur. “O Nicem Jinem” filmində sənədli və qurmaca texnikalarından istifadə edən Chytilova, “Daisies” filmi ilə dadaist prinsiplərə uyğun gələn vizual “mərəkələr”, gözə çarpan nihilist satirik dil və sosialist qaydalarla çox da ayaqlaşmayan və məntiqi nəticəsi kimi Çex parlamentində “xalq kütlələri üçün anlaşılmayan” adlandırılan bir təcrübəni reallaşdırır. Sovet işğalından sonra film qadağan edilir. Milos Forman və Jan Nemec kimi rejissorların ölkədən sürgün olunduğu dövrdə Chytilovaya da film çəkməyə qadağa qoyulur. Onun ssenarilərinə və filmlərinə qarşı haqsızlıqlar edilir, festivallardan gələn təkliflər gizlədilir. Bu kimi bürokratik əngəllərin fonunda Chytilova çıxılmaz vəziyyətə düşür. Filmləri ölkədən kənar festivallarda uğur qazanarkən öz ölkəsində göstərilmir.


İdeologiyanın həqiqəti gizləmək üçün istifadə etdiyi ən tutarlı silahlardan biri kinodur. “Daisies” filmini isə kinonun illuziyalara qarşı çıxdığı, aldadıcı və alt-üst edici əks silahlardan biri kimi qiymətləndirmək olar. Chytilovanın filmlərinin qarşısına əvvəlcə çex avtoritarları sonra SSRİ-nin yaratdığı senzura çıxır. SSRİ səlahiyyətlilərinin qorumaq məcburiyyətində olduğu mühafizəkar sistemdə Chytilovanın filmləri həddən artıq dağıdıcı idi. Səlahiyyətlilər ona Çexoslovakiya Kommunist Partiyasının mədəniyyət siyasətini başa düşməməkdə günahlandırır, filmlərinə qiymət verən komissiyanın bir qadın üzvü ona rejissorluqdan başqa bir iş tapmağını məsləhət verir, komissiyanın günahlandırmalarına qarşı cavab vermək istədiyində isə Chytilovaya susub sadəcə qulaq asmalı olduğunu diqtə edirdilər və bu səbəbdən də 1970-75-ci illərdə Chytilova film çəkə bilmir. Sovet işğalından bir müddət sonra Dubcekin yerinə Gustav Husak keçir və Chytilova ona məktub yazır. Beləliklə, Chytilovaya yenidən film çəkmək üçün icazə verilir.


1975-ci ildə yazdığı məktub və beynəlxalq kino dairələrinin Çexoslovakiya hökümətinə təzyiqi nəticəsində Chytilovaya yenidən film çəkməyə icazə verilir. Lakin studiya rəhbərliklərinin sui-istifadə istəkləri və senzura təşəbbüsləri davam edir. Çex Yeni Dalğası Praqa Baharı kimi sona çatan və eyni taleyi yaşayan inqilabi təşəbbüs kimi Chytilovanın ilk dövrlərdəki ekperimentallığı da 70-80 ci illərin çətin atmosferində aşınaraq geridə qalır. Chytilova 90-cı illərdə bazar iqtisadiyyatının inkişafı ilə birlikdə dəyişən istehsalat mühitində də filmləri ilə ayaqda qalır, dəyişən dünyayla uyuşa bilir və çəkdiyi filmlərdə satira və mərəkənin gücündən heç vaxt imtina etmir. Beləliklə, ölkəsində və dünyada köklü siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq 50 illik uzun və dopdolu kareyerası boyunca özünəxas sənət anlayışından qopmayaraq həyatını başa vurur. Vera Chytilova 2014-cü il martın 12-də Praqada 85 yaşında həyata vida edir.


0 Şərh:

Yorum Gönder