4 Ocak 2016

"Wild Tales" - Damian Szifron (2014)



Damian Szifronun 2014-cü ildə lentə aldığı “Wild Tales” filmi mövzu olaraq müstəqil lakin bir-biri ilə qisas konsepti ilə bağlılıq quran 6 fərqli hekayədən ibarətdir. Produsserliyini məşhur ispan rejissor Pedro Almodovarın etdiyi film bir çox festivalların əsas proqramına qatıla bilib. “Wild Tales” insanın öz üzərində idarəni itirdiyi anları ön plana çıxarıb hadisələrin necə tragikomik vəziyyətə çata biləcəyini göstərir.

Qisas mövzusunu diqqətə gətirən və bir təyyarədə başlayan birincə hekayə, addımbaaddım gərginliyi artıran, maraq duyğusu oyadan və satirik quruluşu ilə yadda qalan hekayədir. Digər hekayələrlə müqayisədə birinci film daha absurtdur. Lakin sevginin vacibliyini və nifrət duyğusunun formalaşdırdığı insanın edə biləcəklərini aydın şəkildə filmdə görmək olur. İkinci film bir restoranı ön plana çıxarır. Burada keçmişdə baş verən hadisələrə görə ədalət və qisas anlayışı tənqid edilir. Filmin ən həyəcanlı hissəsi olan üçüncü hekayə mövzu etibarı ilə daha çox maraq oyadır. Yolda maşınlar ucbatından başlanan bir konfliktdə 2 nəfərin bir-biri ilə olan mübarizəsi ekrana yansıyır. Bu mübarizənin əsas materialları nifrət, hirs, sinfi ayrıseçkilik və qürurdur. Bu mübarizə vəhşiləşmiş insanın nələr edə biləcəyini göstərməklə yanaşı həm də bunu yumoristik bir tərzdə diqqətə çatdırır.  


Dödüncü və beşinci hekayələr filmin siyasi tərəflərini göstərən filmlərdir. Həmçinin bu hissələr bürokratiyanın əzdiyi cəmiyyətlərlə paralellik təşkil edir. Ricardo Darinin baş rolda olduğu dördüncü hissə evuakasiya mövzusundan ölkədəki istismarçı quruluşu göz önünə gətirir. Fərdin sistemə qarşı mübarizəsini əsas götürən və birbaşa dövlətə tənqidi oxlarını sancan qisas xarakterli filmdir. Beşinci hekayə isə gecə yarısı maşınla hamilə bir qadının ölümünə səbəb olan zəngin bir ailədən olan uşaq haqdadır. Bu hissə hadisənin üstünü polislər və vəkillər vasitəsilə örtməyə çalışıldığı, güclünün gücsüzü əzdiyi, ikibaşlı əlaqələrin at oynatdığı bir ədalətsiz sistem panoramasıdır. Son hissə isə sevgi, xəyanət, evlilik, nifrət və qisas duyğularının ön plana çıxdığı bir atmosferdə cərəyan edir. Xüsusilə bu hissənin həm satirik, həm temp sarıdan olduqca əyləncəli və hərəkətli quruluşa malik olduğunu vurğulamaq olar. Eynzi zamanda kino tarixinə yadda qalan bir evlilik səhnəsi bəxş edir.

Damian Szifron hər biri müstəqil qısa film ola biləcək bu altı hekayəni vaxtına görə artan hissələrə görə uyğunlaşdırıb. Hissələr sıra ilə 9, 10, 19, 23, 24 və 30 dəqiqədən ibarətdir. Hər filmə isə Gustavo Santaolallanın hissələrin ruhuna güc qatan və təsiredici musiqiləri əlavə olunub. Vizuallığı və quruluşu isə tamaşaçının marağını çəkəcək şəkildə hazırlanıb.


0 Şərh:

Yorum Gönder