2 Ocak 2016

"Certified Copy" - Abbas Kiarostami (2010)



İran Yeni Dalğasının ən tanınmış rejissoru Abbas Kiarostaminin İrandan kənarda çəkdiyi filmlərdən biri də “Certified Copy” filmidir. Kiarostaminin 2010-cu ildə Kann film festivalında göstərilən filmi sadə və zərif quruluşa malikdir və olduqca təsirlidir. Filmin əsas rollarını isə Juliette Binoch və William Shimell canlandırıb.

Filmdə İtaliyanın Toskana vilayətində rastlaşan qadın və kişinin qəribə bir tanışlıq hekayəsi mövzu edilir. Onlar ünsiyyət zamanı həyatlarında olan digər insanlara demək istəyib lakin deyə bilmədikləri sözləri bir-birlərinə deyirlər. Bunu isə özləri ilə üzləşməli olduqları qəribə bir oyun vasitəsilə edirlər, lakin bunun oyun olduğunu yoxsa bu cütlüyün əslində, əvvəlcədən tanış olduqlarını tamaşaçı üçün müəyyən etmək çətindir. Elə bu səbəbdən də onların münasibətləri əsl kimi görünür. Orijinal və kopyalanmışın arasında amma orijinalın yerini verə biləcək bir münasibətdir. Abbas Kiarostami qadın və kişi münasibətinin eynisinin sənət və həyat arasında olduğunu göstərməyə çalışıb. Həyat orijinaldır yoxsa sənət? Hansı hansının kopyasıdır? Rejissorun filmin ruhuna yerləşdirdiyi bu suallar İtaliya mənzərəsi və memarlığının fonunda daha da güclənir. Həyat yoxsa sənət?


Filmin böyük hissəsi dialoqlardan ibarətdir. Bu təhkiyəvi sarıdan əlverişsiz olsa da dialoqların uğurlu yazılmağı filmdən bezməyə imkan vermir. Həmçinin Kiarostaminin bu filmində də mizansəhnəni ustalıqla qurduğunu bir daha şahid oluruq, səhnələrdə ritmin düşməyinə imkan vermir. Hər plan sadəlik və zəriflik hissi ilə bəslənilib. Filmin ecazkar fonlar və dərin kompozisiyalarla zəngin olan sinematikliyi, çərçivə içində çərçivə və aynadan əks etdirmə səhnələri ssenari ilə harmoniya təşkil edir. Filmin ən böyük üstünlüklərindən isə aktyorların mükəmməl ifa qabiliyyətidir. Bir planda və uzun çəkən dialoqlar zamanı ifaçıların gücü özünü göstərir. William Shimelin ilk rolu olmağına baxmayaraq bu çətin işin öhdəsindən gələ bilir. Shimellin tərəf müqabili Juliette Binochun isə illərdir öyrəşdiyimiz möhtəşəm ifaçılığı və səhnə qabiliyyəti yenə ön plana çıxıb. Kann film festivalında “Ən yaxşı aktrisa” nominasiyasında qalib olmağı isə təəccüb doğurmur.


0 Şərh:

Yorum Gönder