14 Ocak 2016

"La Haine" - Mathieu Kassovitz (1995)



Mathieu Kassovitzin 1995-ci ildə lentə aldığı “La Haine” filmi sosial təbəqələşmənin yaratdığı zil qaranlıq haqda çox kəskin tənqidi mesajlara malik filmdir. Film ölmədikləri (yaşadıqları) hər gün işlərin qaydasında olduğunu zənn edən və cəmiyyətdən manipulə edilmiş insanların hekayəsini diqqətə çatdırır. Ağ-qara çəklilən bu dramatik hekayə gerçək hadisələrdən təsirlənərək ekranlaşdırılıb.  1993-cü ildə Zairli Makome B`owele adlı gəncin polislə yaşadığı qarşıdurma zamanı meydana gələn hadisə filmin əsasını təşkil edir. Filmin xülasəsi belədir ki, fərqli etnik köklərə sahib 3 gəncin protestlərinin və polislə olan qarşıdurmalarının getdikcə artdığı Fransa küçələrindəki bir günü ekrana daşıyır. Filmdəki 3 gənc-yəhudi Vinz, ərəb Said və afrikalı Hubert (Personajlar aktyorlarla eyni adlara malikdir) protoqonist olaraq diqqət mərkəzindədirlər və onların ətrafla olan problemləri filmin dinamikasını təşkil edir.


Film dünyanın görünüşü ilə açılır və Bob Marleyin musiqisinin fonunda o dövrün Fransasının  küçələrindəki mövcud vəziyyəti diqqətə çatdırır. Rejissor bu görüntülərlə filmi niyə çəkdiyini deyir sanki və küçələrin gerçək üzünü tamaşaçıya göstərir. Beləcə ağ-qara Fransa küçələri ilə kinoya keçid alırıq və adıçəkilən 3 gənclə tanış oluruq. Hər 3 obraz Fransa gettolarında yaşayan cinayətə meyilli gənclərdir. Qrupun digər üzvü Abdel isə polislər tərəfindən döyülür və bu səbəbdən xəstəxanaya düşür. Filmin gənclərə aqressivlik aşılayan əsas motivi budur-Abdelin varlığı ilə yoxluğu. Polisin gənclərə, gəncləririn də polisə olan nifrəti hər bir səhnədə özünü göstərir.

Hadisələrin cərəyan etdiyi günə-üsyanın ertəsi 10:48-i göstərən saatın müşaəti ilə başlanılır. Kassovitzin filmdə istifadə etdiyi ən böyük simvol saatdır. Film boyunca zamanın axışını daha yaxşı qavramaq üçün edilmiş fənddir ki, bu da həqiqət anlayışını artırır. Rəvayətə görə polislərdən biri üsyan zamanı silahını itirir. Bu silah da Abdel kimi filmin digər bir personajıdır və filmdə əsas güc ünsürüdür. Gücün polisdə və yaxud küçədə olan varlığı. Filmdə özünü göstərdiyi andan etibarən daima ön plana çıxır (Divardan asılmış tüfəng məsəlini yada salın. Silah görünübsə deməli işə düşəcək). Buna səbəb isə qrupun şiddətə meyilli üzvü Vinzin aqressiv xarakteridir. Artıq sistemin atdığı şillələrə cavab vermək zamanının çatdığını düşünür. Yığılmış əsəbin, aqressiyanın bədən tapmış halıdır. Silahsa deyildiyi kimi işə düşəcəyi anı gözləyir.


Film irəlilədikcə saat motivi də irəliliyir. Diqqət çəkən başqa məqam isə harada olmağımıza baxmayaraq daima hər hansı bir hadisənin bizi gəlib tapmağıdır. Filmin yadda qalan digər bir tərəfi də iki hekayədir ki, rejissor bu hekayələr ilə filmin gedişatını cızır. Birinci hekayə yüksək bir binadan aşağıya tullanan adamın düşərkən hər mərtəbədə “Hər şey qaydasındadır” deməyidir. Lakin xırda detal isə bu cümləni deyərkən neçənci mərtəbəyə çatmağıdır ki, bunun da elə bir əhəmiyyəti yoxdur, çünki yerə çırpılmaq qaçınılmazdır. Film boyunca məhz o çırpılma anını gözləyirik. Digər hekayə isə qatarla mənzil başına gedən adam haqdadır. Qatar dayanan zaman düşüb öz təbii ehtiyacını ödəyən və qatara çata bilməyən, bu səbəbdən də soyuqdan donub ölən adamın hekayəsidir. Hər iki hekayə tamaşaçıya filmdə baş verəcək hadisələr haqda ciddi məlumatlar ötürür. Vinz-Hubert-Said üçlüyünün yaşadığı üsyan atmosferi birinci hekayədə yüksək binadan tullanan şəxsin simasında tənqid olunur, eyni şəkildə qatarı ötürən və soyuqdan donan adamın hekayəsi də buna əks hekayə olaraq sürü psixologiyasına və xəttdən kənara çıxmamaq mənasına gəldiyindən yenə filmdəki 3 personaj üçün gələcəyə dair tənqidi xəbərdarlıq daşıyır. Nəticə olaraq ölüm tragik sonluqdur və film də tamaşaçıya həmin çırpılma anına şahid edir.


Gənclər daxilində yığılan nifrətə, onları özündən belə qoruya bilməyən polislərə və kasıblığa baxmayaraq “Dünya sizindir” şüarını “Dünya bizimdir” şəklində dəyişə biləcək qədər cəsur və ümid doludur. Nə də olsa heç kim ölmür və belə olan halda hər şey qaydasındadır. Filmin mövzusu, Fransanın qıraq məhəllələri və “fransız olmayan” millətin vəziyyətidir. Mövzunu şablon adlandıra bilərik lakin “La Haine”ni fərqli edən ən vacib məsələ bu vəziyyəti dünyəviləşdirməyidir. Yəni filmin ortaya qoyduğu problem Fransanın sərhədlərini aşır və istənilən ölkədə bu film izlənsə asanlıqla paralellər qurala bilər.


0 Şərh:

Yorum Gönder