6 Şubat 2016

"Chekist" - Aleksandr Rogozhkin (1992)



“Chekist” Sovet İttifaqı dağıldıqdan bir müddət sonra 1992-ci ildə Aleksandr Roqojkinin lentə aldığı, sovet dövrünün ən qanlı xarakterinin qabardıldığı və bu səbəbdən də izlənməyi bir o qədər də çətin olan filmdir. Filmin ssenarisi Vladimir Zazubrinin 1923-cü ildə qələmə aldığı “Shepka” adlı povestindən götürülüb. Qırmızı terrorun “padval” qətliamı haqda olan əsər 1937-ci ildə yazıçının repressiyaya məruz qalmağı və öldürülməyi ilə nəticələnmişdir.

Hadisələr 1917-ci ildə Rusiyada qırmızı inqilabdan sonrakı dövrdə cərəyan edir və inqilabın necə bir qətliamı gözə alıb ayaq üstə qaldığını diqqətə çatdırır. Filmin çekist adlandırılması da təsadüfi deyil. İnqilabdan az müddət sonra hökümət qüvvələri hakimiyyəti gücləndirmək və əksinqilaba cəhd göstərən qruplarla mübarizə aparmaq üçün qurum formalaşdırır və bu da xalq arasında Vçeka və ya Çeka adlanmağa başlayır, qurucusu isə Dəmir Feliks ləqəbli Feliks Derjinski olur. Bu quruma üzv olanları isə çekist adlandırırdılar. Maraq üçün deyək ki, çekist ifadəsi Rusiyada hələ də işlədilir və rus mətbuatında Putini “köhnə çekist” kimi də qələmə verirlər.


Filmin mərkəzində isə Srubov adlı hissiyatsız və qəddar bir çekist yer alıb. Onun işi inqilab haqda etirazını bildirən, cəmiyyətin istənilən təbəqəsindən olan insanlara qarşı tutulan divana rəhbərlik etməkdir. Film həmin dövrdə baş verən hadisələri xırdalığına qədər təhlil etmir, birbaşa inqilabın “padval”ına enərək orada nələr baş verdiyini tamaşaçıya göstərir. Srubovla yanaşı İsak Katz və Pepel filmin mərkəzində olan digər çekistlərdir və onlar da günahlandırılan insanlar haqda yalnız bir kəlmə işlədir “güllələnsin”. Beləliklə, insanlar ölümə məhkum edilir, başlarının arxasından atılaraq öldürülür, gündəlik bir kamazın yük yeri dolana qədər insan qətl edilir və meyitlə dolu kamaz bağlı qapıdan çıxdıqdan sonra Srubov da qapıdan çıxır çünki onun da bu günlük işi bitmişdir. Səhər yenə günahlandırılmalara qulaq asır, “güllələnsin” və güllələnən insanlara nəzarət edir. Səhər yenə, yenə, yenə. Beləcə qətliam maşının yük yeri dolanacan davam edir.


Roqojkin filmdə qətliam səhnələrinə üstünlük verir. Rejissor qətliamı göstərməklə yanaşı, tamaşaçı ilə qətlə məruz qalanlar arasında yaxınlıq qurmaq üçün mümkün qədər qətl səhnələrini təkrarlayır. Başlarından atılaraq öldürülən insanların öldürülən zaman eşitdikləri çekistlərin dilindən amansızlıqla tökülən “üzünü divara çevir”, “atəş” kimi qəddar söz yığını olur. Ümidsizcə ölümə məhkum edilən cəmiyyətin istənilən təbəqəsindən olan bu insanların isə əslində cəmi bir arzusu var-“yaşamaq”. Rejissor bu məsələyə filmdə toxunur və gənc qadının simasında onun yaşamaq eşqini qabartsa da, o Srubov tərəfindən öldürülür. Beləliklə, rejissor sovet dövründə ört-basdır edilən belə bir qətliamı yenidən diqqət mərkəzinə gətirir və tamaşaçıya öldürülən insanların qanı üzərində inşa edilən Sovet İttifaqının alt qatını göstərir. 


0 Şərh:

Yorum Gönder