“Viy” – Konstantin
Yershov və Georgi Kropachev (1967)
Nikolay Qoqolun
eyniadlı fantastik hekayəsindən ekranlaşdırılan “Viy” Konstantin Yershov və
Georgi Kropachevin ortaq işidir. 1967-ci ildə Mosfilm studiyasında lentə alına
filmin əsas rollarını Nataliya Varley və Leonid Kuravlyov canlandırıb. Həmçinin
“Viy” sovet kinosunda ilk qorxu filmlərindən hesab olunur. Texniki quruluşu və
effektləri, istifadə olunan geyimlər filmin diqqətəlayiq tərəflərindəndir.
Filmin xülasəsi isə belədi ki, kazak Xoma Brut adlı monastr şagirdi tətil səbəbi
ilə Kiyev yaxınlığında yerləşən monastrı tərk edib, öz kəndinə getmək üçün yola
qoyulur. Yolda dostları ilə birgə gecələmək üçün getdikləri qoca qarının evində
başına qəribə hadisə gəlir və məlum olur ki, qarı ifritədir, beləcə qarı Xomanı
cadu ilə idarə etməyə başlayır. Onlar bir müddət havada uçduqdan sonra yerə
düşdüklərində Xoma qarını ağacla vurur və ciddi şəkildə yaralanan qarı bir anda
gənc və gözəl bir qıza çevrilir. Xomanın başına gələn qeyri-adi hadisələr
silsiləsi isə bundan sonra təhlükəli məcraya yönəlir. Qarının çevrildiyi gənc və
gözəl qız ağır yaralanıb öldükdən sonra 3 gün kilsədə dua oxumağı vəsiyyət
edir. Beləliklə, Xoma köhnə bir kilsədə dua oxuduğu zaman qeyri-adi hadisələrin
burulğanında öz qorxusu ilə mübarizə aparır və filmə ad verən Viylə tanış olur.
Filmin kilsə səhnəsində
istifadə olunan kameranın dairəvi hərəkəti ekrandakı qorxu hissini tutarlı şəkildə
aşılayır. Xomanın ətrafında fırlanan kamera onun necə bir təhlükə ilə üzbəüz
olduğunu tamaşaçıya çatdıra bilir. Filmdə qorxu janrına xas atmosfer, məkan,
xüsusu ilə kilsənin quruluşu və hadisələrin xarakterinə uyğun dizayna malik
olmağı, məxluqların peyda olduğu zaman istifadə olunan effektlərin
inandırıclığı və bu kimi imkanlardan maksimum yararlanan film qorxu janrının
yaddaqalan klassik nümunələrindən birinə çevrilir.
“Şinel” – Aleksey Batalov (1959)
Rus ədəbiyyatında kult əsər hesab olunan “Şinel”
povestində Qoqol Çar Rusiyasında rus vətəndaşını aşağıladığına görə tənqidlərə
məruz qalmışdı. Lakin bu tənqidlər də əsərin məşhurlaşmağına maneə törətməmişdi.
1960-cı ildə isə Aleksey Batalov “Şinel” povestini ekranlaşdırır və Rolan
Bıkovun simasında Akaki Akakiyeviç Başmaçkin obrazına ekran həyatı verir. Filmdə
hadisələr Sankt-Peterburqda cərəyan edir. Başmaçkin adlı yovuşmaz bir şəxs
kontorda sənədlərin üzünü köçürməklə öz dolanışığını saxlayır. İş yoldaşları isə
daima onu aşağılayır, hətta onu şkafın qulpuna bağlayıb başına kağızdan qar düzəldib
tökürlər. Bir gün Başmaçkinin köhnə şineli yararsız hala düşür və o, yeni şinel
tikdirmək üçün boğazından kəsib pul yığır. Bir müddət sonra özünə yeni şinel
tikdirən Başmaçkinin sevinci çox çəkmir, onun şineli oğurlanır və oğurluq üçün
müraciət etdiyi generaldan mənfi cavab aldığı üçün isteriyaya qapılaraq ölür.
Qoqol bu əsərdə kiçik insanların problemlərini
realist bir üslubla qələmə alıb. Sıravi vətəndaşların yaşadığı problemləri,
keçirdikləri sıxıntıları, məruz qaldıqları bərabərsizlikləri və çəkdikləri əzab-əziyyəti
əsərin əsəs personajı Başmaçkinin simasında bütün çılpaqlığı ilə göz önünə gətirib.
Başmaçkin zərərsiz insan olmağına baxmayaraq ona qarşı edilən ədalətsizliklərə
o sadəcə “Mənə niyə belə davranırsınız” deyib ağlamaqla cavab verə bilirdi.
Sonda Qoqolun Başmaçkin fağırlığı haqda verdiyi təsvirlə yazıya yekun vursaq
yerinə düşər:
“Əgər Akaki Akakiyeviç bir şeyə baxsaydı da, orada
öz təmiz, səliqəli xətti ilə yazılmış sətirləri görərdi. Ancaq gözlənilmədən
haradansa bir at başı onun çiyninə söykənib burun dəliklərindən onun
yanaqlarına isti hava buraxdıqda, Akaki Akakiyeviç sətrin ortasında deyil, küçənin
ortasında olduğunu görərdi.”
0 Şərh:
Yorum Gönder