This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

17 Ocak 2016

"The Holy Mountain" - Alejandro Jodorowsky (1973)



Dünya kinosunda dağıdıcılığı ilə yadda qalan rejissorlardan biri də Alejandro Jodorowskydi. 1973-cü ildə lentə aldığı “The Holy Mountain” filmi rejissorun şahəsəri hesab olunur. Jodorowsky filmdə həm ssenarist, həm rejissor, həm də baş rol ifaçısı olaraq qarşımıza çıxır. Rejissor sanki gizli bir təşkilatın rituallarını bu filmdə tamaşaçıya göstərməyə çalışır. Bunu isə filmin elə ilk səhnəsi deməyə əsas verir.

Filmin  ilk səhnəsində makyajı silinən, plastik dırnaqları çıxarılan qısaca maddi dünyanın bütün səbəb olduğu dəyişikliklərdən qoparılan iki qadın görürük. Beləcə rejissor filmin ilk səhnəsindən sonra mifoloji dəyərlərlə dolu sirli hadisələrin burulğanına salır. Film “Sirrə yiyələnmək istəyirsən, lakin insan təkcə heç bir şey edə bilməz” mesajını verir. Rejissorun filmdəki rolu da kimyagərdir və bu da rejissorun demək istədikləri haqda geniş məlumat ötürür.


Digər səhnədə sərxoş olduğu ətrafdakı boş butulkalardan bəlli olan bir adam yerdə uzanıb. O qədər sərxoşdur ki, üstünə belə işəyir. Haradan gəldiyi bilinməyən bir qrup uşaq (liliput) peyda olur, həmin adamı xaça (simvolik çarmıxa) bağlayırlar və daşlayırlar. Özünə gələn şəxs asanlıqla çarmıxdan xilas olub uşaqları qorxudur. Sonra qurbağalar və kərtənkələlərin döyüşündən tutmuş, sirk oyunlarına, güllələnən insanlara qədər müxtəlif, vizual sarıdan zəngin və simvolizmlə dolu çox güclü bir zaman kəsiyinə düşürük. Bir qüllədən aşağı sallanan ipin ucundan tutan sözügedən adam həmin qülləyə dırmaşır. Burada onu kimyagər salamalayır. O, kimyagərlə bir mübarizəyə girişir və sonda ona boyun əyir, nəticədə bütün bədəni təmizlənir, qəlbinə hakim kəsilən bütün pisliklər şah damarından kəsilib atılır. Sonra “Qızıl istəyirsən” deyə soruşan kimyagərə “Hə” deyir. Kimyagər ona bir qab verir və həmin adam qaba öz nəcisini ifraz edir. Nəcis bir neçə mərhələdən sonra qızıla çevrilir. Bundan sonra kimyagər həmin şəxsə “Sən əslində poxsan ancaq həqiqəti tapa bilərsən” deyir. Nəcis müxtəlif mərhələlərdən sonra necə qızıla çevrilirsə, maddi dünyaya həbs olunmuş insan da müxtəlif mərhələlrdən sonra doğru yolu tapıb qızıla çevrilə bilər. Rejissor mesajı bu cür fərqli yolla tamaşaçıya çatdırmağı seçir. Bu Jodorowskinin necə bir xarakterə malik olduğunun göstəricisidir.


Həmçinin filmdə daşların üstünə qadın şəkli çəkib onunla sevişməyə çalışan insan ilə çörək və şərabın İsanın bədəni və qanı olduğuna inanan xristian arasında böyük bir fərq qoyulmur. Buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, rejissorun referansları rejissor üçün sürreal deyil gerçəyin özüdür. Buna görə rejissor filmlərini sürreal adlandıranlara “sürrealist” sözünü xoşlamadığını demişdi. Nəticədə rejissor filmin finalında sürrealığa etiraz olaraq öz dilindən bu sözləri deyir: “Bu bir nağıl idi və gerçək həyata qayıtdıq. Sizcə bu həyat gerçəkdir? Xeyr. Bu bir filmdir. Kameraya baxın. Hamımız xəyali məhsullarıq”  



14 Ocak 2016

"La Haine" - Mathieu Kassovitz (1995)



Mathieu Kassovitzin 1995-ci ildə lentə aldığı “La Haine” filmi sosial təbəqələşmənin yaratdığı zil qaranlıq haqda çox kəskin tənqidi mesajlara malik filmdir. Film ölmədikləri (yaşadıqları) hər gün işlərin qaydasında olduğunu zənn edən və cəmiyyətdən manipulə edilmiş insanların hekayəsini diqqətə çatdırır. Ağ-qara çəklilən bu dramatik hekayə gerçək hadisələrdən təsirlənərək ekranlaşdırılıb.  1993-cü ildə Zairli Makome B`owele adlı gəncin polislə yaşadığı qarşıdurma zamanı meydana gələn hadisə filmin əsasını təşkil edir. Filmin xülasəsi belədir ki, fərqli etnik köklərə sahib 3 gəncin protestlərinin və polislə olan qarşıdurmalarının getdikcə artdığı Fransa küçələrindəki bir günü ekrana daşıyır. Filmdəki 3 gənc-yəhudi Vinz, ərəb Said və afrikalı Hubert (Personajlar aktyorlarla eyni adlara malikdir) protoqonist olaraq diqqət mərkəzindədirlər və onların ətrafla olan problemləri filmin dinamikasını təşkil edir.


Film dünyanın görünüşü ilə açılır və Bob Marleyin musiqisinin fonunda o dövrün Fransasının  küçələrindəki mövcud vəziyyəti diqqətə çatdırır. Rejissor bu görüntülərlə filmi niyə çəkdiyini deyir sanki və küçələrin gerçək üzünü tamaşaçıya göstərir. Beləcə ağ-qara Fransa küçələri ilə kinoya keçid alırıq və adıçəkilən 3 gənclə tanış oluruq. Hər 3 obraz Fransa gettolarında yaşayan cinayətə meyilli gənclərdir. Qrupun digər üzvü Abdel isə polislər tərəfindən döyülür və bu səbəbdən xəstəxanaya düşür. Filmin gənclərə aqressivlik aşılayan əsas motivi budur-Abdelin varlığı ilə yoxluğu. Polisin gənclərə, gəncləririn də polisə olan nifrəti hər bir səhnədə özünü göstərir.

Hadisələrin cərəyan etdiyi günə-üsyanın ertəsi 10:48-i göstərən saatın müşaəti ilə başlanılır. Kassovitzin filmdə istifadə etdiyi ən böyük simvol saatdır. Film boyunca zamanın axışını daha yaxşı qavramaq üçün edilmiş fənddir ki, bu da həqiqət anlayışını artırır. Rəvayətə görə polislərdən biri üsyan zamanı silahını itirir. Bu silah da Abdel kimi filmin digər bir personajıdır və filmdə əsas güc ünsürüdür. Gücün polisdə və yaxud küçədə olan varlığı. Filmdə özünü göstərdiyi andan etibarən daima ön plana çıxır (Divardan asılmış tüfəng məsəlini yada salın. Silah görünübsə deməli işə düşəcək). Buna səbəb isə qrupun şiddətə meyilli üzvü Vinzin aqressiv xarakteridir. Artıq sistemin atdığı şillələrə cavab vermək zamanının çatdığını düşünür. Yığılmış əsəbin, aqressiyanın bədən tapmış halıdır. Silahsa deyildiyi kimi işə düşəcəyi anı gözləyir.


Film irəlilədikcə saat motivi də irəliliyir. Diqqət çəkən başqa məqam isə harada olmağımıza baxmayaraq daima hər hansı bir hadisənin bizi gəlib tapmağıdır. Filmin yadda qalan digər bir tərəfi də iki hekayədir ki, rejissor bu hekayələr ilə filmin gedişatını cızır. Birinci hekayə yüksək bir binadan aşağıya tullanan adamın düşərkən hər mərtəbədə “Hər şey qaydasındadır” deməyidir. Lakin xırda detal isə bu cümləni deyərkən neçənci mərtəbəyə çatmağıdır ki, bunun da elə bir əhəmiyyəti yoxdur, çünki yerə çırpılmaq qaçınılmazdır. Film boyunca məhz o çırpılma anını gözləyirik. Digər hekayə isə qatarla mənzil başına gedən adam haqdadır. Qatar dayanan zaman düşüb öz təbii ehtiyacını ödəyən və qatara çata bilməyən, bu səbəbdən də soyuqdan donub ölən adamın hekayəsidir. Hər iki hekayə tamaşaçıya filmdə baş verəcək hadisələr haqda ciddi məlumatlar ötürür. Vinz-Hubert-Said üçlüyünün yaşadığı üsyan atmosferi birinci hekayədə yüksək binadan tullanan şəxsin simasında tənqid olunur, eyni şəkildə qatarı ötürən və soyuqdan donan adamın hekayəsi də buna əks hekayə olaraq sürü psixologiyasına və xəttdən kənara çıxmamaq mənasına gəldiyindən yenə filmdəki 3 personaj üçün gələcəyə dair tənqidi xəbərdarlıq daşıyır. Nəticə olaraq ölüm tragik sonluqdur və film də tamaşaçıya həmin çırpılma anına şahid edir.


Gənclər daxilində yığılan nifrətə, onları özündən belə qoruya bilməyən polislərə və kasıblığa baxmayaraq “Dünya sizindir” şüarını “Dünya bizimdir” şəklində dəyişə biləcək qədər cəsur və ümid doludur. Nə də olsa heç kim ölmür və belə olan halda hər şey qaydasındadır. Filmin mövzusu, Fransanın qıraq məhəllələri və “fransız olmayan” millətin vəziyyətidir. Mövzunu şablon adlandıra bilərik lakin “La Haine”ni fərqli edən ən vacib məsələ bu vəziyyəti dünyəviləşdirməyidir. Yəni filmin ortaya qoyduğu problem Fransanın sərhədlərini aşır və istənilən ölkədə bu film izlənsə asanlıqla paralellər qurala bilər.


12 Ocak 2016

37°2 Le Matin (Betty Blue) - Jean-Jacques Beineix (1986)



“Betty Blue” filmi əslən erməni olan fransız yazıçı Philipe Dijanın romanıdır və 1986-cı ildə rejissor Jean-Jacques Beineix tərəfindən ekran həyatı verilib. Bir çox dilə çevrilmiş roman qeyri-adi sevgi haqqındadır. Bu film xəyallarını gəlin paltarı və mübahisəsiz aidiyyatçılıq üzərində quran insanların xoşuna gəlməyəcək bir sevgi əhvalatını mövzu edir. Betty və Zorg Fransanın ucqar bir qəsəbəsində, heçliyin tən ortasında sadə bir həyat yaşayırlar. Biri müxtəlif  barlarda ofisiantlıq edir, digəri isə xırda-para şeylərin təmiri ilə məşğul olur. Bu iki insanın həyatı kəsişdiyində isə qeyri-adi sevgi əhvalatı da başlamış olur. Betty müasir cəmiyyətdə saxtakarlığa, qeyri-səmimiliyə qarşı nifrəti ilə Zorgun həyatına daxil olduğunda artıq hər şey kökündən dəyişir.

Betty fikirlərinin, bədəninin, həyatının idarəsini öz əlində tutmağı bacaran güclü bir personajdır. Şablonlara, xarici təsirlərə, tutarsız ictimai reflekslərə qarşı duyduğu əsəb hissi onun ən böyük gücüdür. Zorg isə içə qapanıq, cəmiyyətə və onun qanunlarına boyun əyən, daima özünü çərçivələyən kişi fiqurudur. Xəyallarına belə nufüz edən bu çərçivə, daxilində əmələ gələn potensial üsyanla birlikdə, onun günbəgün daha da böyük bir qaranlığa, daha kəskin zülmətə, heçliyə yumalanmağına şərait yaradır. Onların kəsişən yolları seksual münasibət üstündə qurduqları bir münasibət olmağına baxmayaraq, bu münasibət davamlı konstruktiv və dağıdıcı bir çox prosesi özü ilə bərabər gətirir. Burada “bir insanı qəhrəman edən nədir?” sualı ön plana çıxır. Milyon qiymətində olan satışlar, reklamlar, böyük yaxşılıqlar, fitrələr, zəkatlar, ictimai fəaliyyət, siyasi mübarizələr, inqilablar və s.? İnsanı qəhrəman edən bunlardımı? Xeyr, film ən böyük mənanı adi insanın sahib çıxdığı iradəsinə yükləyir.


“Betty Blue” və yaxud digər adı ilə “37°2 Le Matin” sevgi haqqında çəkilmiş ən təsirli filmlərdən biridir. Film sevgililərin tanış olduğu ilk səhnədən son səhnəyə qədər tamaşaçının yaddaşında iz qoya bilir. Münasibətin birinci həftəsindən başlayan film sonacan tamaşaçını özü ilə aparır. Buna səbəb isə sevgililərin dəyişkən və fərqli münasibətlərini canlı şəkildə göstərməyidir. Filmi vacib edən əsas məsələ, Bettynin dəlilikləridir ki, o, ağlına nə gələrsə, hətta adam öldürmək olsa belə edə biləcək potensialdadır. Digər məsələ isə Betty nə edirsə etsin Zorgun ona sadiq qalmağıdır. Film boyunca bütün hadisələri personajların bu əsas xarakteri meydana gətirir. Film təsiredici əsas fikri və sinematikliyi ilə tamaşaçını düşünməyə və ekperimentallığa vadar edərkən; Beatrice Dalle canlandırdığı Betty rolu ilə bəlkə də, kino tarixinin ən yaxşı aktrisa performanslarından birini ortaya qoyur.


11 Ocak 2016

"Taxidermia" - Gyorgy Palfi (2006)



“Taxidermia” macar rejissor Gyorgy Palfi tərəfindən lentə alınan və izləməyi də bir xeyli çətin olan filmlərdəndir.  1939-cu ildə baş verən II Dünya müharibəsi insanlıq tarixində ən qanlı müharibədir. Rəsmi hesablamalar 70 milyondan çox insan itkisi olduğunu göstərir. Macarıstan Krallığı bu faciəyə isə Nasist Almaniyası ilə eyni cəbhədən qoşulur, müharibənin sonunda Sovet Rusiyasının tərkibinə qatılır və 1947-ci ildən komunist rejim ilə idarə olunmağa başlayır. Bir çox reformçu əksinqilablara baxmayaraq 1989-cu ilədək SSRİ-nin tərkibində qalır. “Taxidermia” filmi də macar tarixinin bu keşməkəşli vaxtlarında yaşamış eyni ailədən 3 fərqli nəsildən olan kişinin hekayəsini diqqətə çatdırır.


Baba Morosgovanyi müharibə dövründə yaşayan bir əsgərdir. O, leytenantın əmrində olan ucqar bir evdə çapar kimi qulluq edir. Xəyallar aləmini isə bu evdə yaşayan gənc qızlar vasitəsilə bəzəyir. Müharibənin ən qanlı zamanında o öz xəyal dünyasında yaşayır. Ata Balatony Sovet dövründə yaşayan atletdir. Tez yemək üzrə həddən artıq iddialı və bacarıqlıdır. Onun  bu yarışda başqa bir rəqibi də var və o da qadındır. Balatony həyatını daha çox yemək yemək üzrə qabiliyyətinin üstündə qurur. Oğul Balatony isə kapitalist Macarıstanda yaşayan çox da tanınmayan bir taksidermistdir. O, nəhəng pişikləri bəsləmək və bir çox çeşiddə heyvan doldurmaqla həyatını keçirir. Hər şeyin sürətlə istismar edilib məhv olunduğu vaxtda özünə görə “ölümsüz” mənasını verdiyi məsləyi ilə sonsuzadək var olmağı planlaşdırır.


Filmdə bu üç kişinin hekayəsi zəiflik və vəsvəsə ilə şəkilləndirilib, insan bədəninin əlçatmaz hesab olunan sərhədlərinə qədər sıxışdıran ssenariyə malikdir. Şəhvət, karyera qurmaq həvəsi və ölümsüz olmaq arzusu sürreal bir dillə göz önünə gətirilir. Həmçinin, insana aid birincil hissləri və istəklərə dair narahatedici ssenari və quruluş özündə ehtiva edir. Hətta ssenari sarıdan sərt və amansız bir içliyə malik olduğunu demək mümkündür. Film eyni zamanda II Dünya Müharibəsinə, macar tarixindəki dəyişikliyə və xüsusən Sovet dövrünün Macarıstanına dair mühüm notlara sahibdir. Bu notlar bütövlükdə diqqətə gətirildikdə siyasi bir tənqidi də özündə daşıdğını görmək olar. Film narahatedici və müddətcə diksindirmək dərəcəsinə çata biləcək vizuallığa malikdir. Heyvan təcavüzü, heyvanların içinin doldurulmağı, açıq əməliyyat, mazo-masturbasiya kimi günlük həyatdan uzaq hərəkətlər toplusunu da özündə birləşdirir.

8 Ocak 2016

Qadın rejissorların lentə aldığı 10 film (III hissə)



1. Le Bonheur – Agnes Varda (1965)



2. Boys Don’t Cry – Kimberly Peirce (1999)



3. Lost in Translation – Sofia Coppola (2003)



4. The House is Black – Forough Farrokhzad (1963)



5. Monster – Patty Jenkins (2003)



6. American Psycho – Mary Harron (2000)



7. Fish Tank – Andrea Arnold (2009)


8. The Wonders – Alice Rohrwacher (2014)



9. Polisse – Maiwenn (2011)



10. Buddha Collapsed out of Shame – Hana Makhmalbaf (2007)






"Knight of Cups" - Terrence Malick (2015)




Yazan: Elmidar Süleymansoy


İsveçli dahi rejissor Roy Anderssonun “Həyatın mənası” haqqında olan trilogiyası barədə yazı yazmaq istəyərkən Terrence Malickin son filminin internet saytlarına yerləşdirilməsi xəbərini aldım. Və ilk fürsətdə çoxdan gözlədiyim xəbər kimi bu filmi izləmə qərarını verdim.

Terrence Malick Haydeqqer ekzistensializminin, “İtirilmiş zamanı axtarışı”nda olan Prustun, bir az da irəli gedib demək olar ki, həqiqəti çatdırmaq istəyən İsa peyğəmbərin kinoda davamçısıdır. Bu filmi ilə o sanki ”Həyat ağacı” ilə başlayan “Möcüzəyə” filmi ilə davam edən trilogiyasını bitirir. Növbəti filmi ilə bunu davam etdirəcəkmi? Ənənəvi olaraq cavab vermək olar ki “bilinmir”. Çünki asketik həyat sürən, sanki həqiqət nirvanasına çatmış Malickin növbəti  dəfə nə edəcəyini demək mümkün deyil.


Film həqiqət, sevgi, daxili çırpıntılar axtarışıdan bəhs edir. Onu izləyərkən mütləq əlinizin altında qələm və kağız olsun. Saysız qeydlər edə bilərsiniz. Sanki ssenari hər hansı bir müqəddəs kitabdır (daha çox “İncil”in hissələrindən təsirlənmiş cümlələri görmək olar). Bu yazını da resenziya deyil, ayrı-ayrı cümlələrin birləşməsi kimi (ayrı-ayrı kartların birləşməsindən yaranan koloda kimi, çünki filmin adı da Taro kartlarından birinin adından götürlüb) davam etdirmək daha asan olar deyə düşünürəm.


Şəhər - urbanizasiyalaşmış həyatda ofis binaları, müasir asfalt örtüklərində ayaqyalın gəzən qəhrəman(lar)la cadar-cadar olmuş torpaqlar, unudulmuş kənd evləri anormal gözəllikdə rəng disbalansı yaradır.

Dostlar – sənin parçalarından ibarətdir, onları birləşdirsən özünü tapacaqsan. 
Sevgi – yalnız hissdirmi? Qadın bədəninə düşgünlükmüdür? Xəyanət etmə qorxusudurmu? Təcrübə əldə etmək istəyimidir?  

Ölüm – Ahıl insan təcrübəsini danışan zaman biz bu mənzərəni cənnət bağına bənzər həyətdən izləyirik. Növbəti kadr dünyaya körpə gəlir. Təzaddır? Əslində deyil bu elə həyatın özüdür.

Azadlıq – ölümdən sonradırmı? Bir uşağın doğulması iləmi? Günəşin doğması iləmi? Sənə düşən işıqlamı? Həmişə axtardığın dəniz mirvarisi iləmi ölçülür? 

İnsan – daxili təlatümlə yaşayan, yaşama məkanı axtaran eləcə də cənnətdən qovulmuş və bundan əziyyət çəkən varlıq. Filmin əsas musiqisini də Voyçex Kilyarın (Wojciech Kilar) “Exodus” kompozisiyası təşkil edir. “Exodus” yəhudilərin Misirdən köçündən bəhs edən kitabın adıdır.     

Azad olmaq istəyirsənsə başla, yaşamağa başla! Təsadüfi deyil ki, film də elə “Başla!” əmri ilə bitir. İncil “Əvvəlcə işıq oldu”, Quran “Oxu” əmri ilə başladığı kimi.

4 Ocak 2016

"Wild Tales" - Damian Szifron (2014)



Damian Szifronun 2014-cü ildə lentə aldığı “Wild Tales” filmi mövzu olaraq müstəqil lakin bir-biri ilə qisas konsepti ilə bağlılıq quran 6 fərqli hekayədən ibarətdir. Produsserliyini məşhur ispan rejissor Pedro Almodovarın etdiyi film bir çox festivalların əsas proqramına qatıla bilib. “Wild Tales” insanın öz üzərində idarəni itirdiyi anları ön plana çıxarıb hadisələrin necə tragikomik vəziyyətə çata biləcəyini göstərir.

Qisas mövzusunu diqqətə gətirən və bir təyyarədə başlayan birincə hekayə, addımbaaddım gərginliyi artıran, maraq duyğusu oyadan və satirik quruluşu ilə yadda qalan hekayədir. Digər hekayələrlə müqayisədə birinci film daha absurtdur. Lakin sevginin vacibliyini və nifrət duyğusunun formalaşdırdığı insanın edə biləcəklərini aydın şəkildə filmdə görmək olur. İkinci film bir restoranı ön plana çıxarır. Burada keçmişdə baş verən hadisələrə görə ədalət və qisas anlayışı tənqid edilir. Filmin ən həyəcanlı hissəsi olan üçüncü hekayə mövzu etibarı ilə daha çox maraq oyadır. Yolda maşınlar ucbatından başlanan bir konfliktdə 2 nəfərin bir-biri ilə olan mübarizəsi ekrana yansıyır. Bu mübarizənin əsas materialları nifrət, hirs, sinfi ayrıseçkilik və qürurdur. Bu mübarizə vəhşiləşmiş insanın nələr edə biləcəyini göstərməklə yanaşı həm də bunu yumoristik bir tərzdə diqqətə çatdırır.  


Dödüncü və beşinci hekayələr filmin siyasi tərəflərini göstərən filmlərdir. Həmçinin bu hissələr bürokratiyanın əzdiyi cəmiyyətlərlə paralellik təşkil edir. Ricardo Darinin baş rolda olduğu dördüncü hissə evuakasiya mövzusundan ölkədəki istismarçı quruluşu göz önünə gətirir. Fərdin sistemə qarşı mübarizəsini əsas götürən və birbaşa dövlətə tənqidi oxlarını sancan qisas xarakterli filmdir. Beşinci hekayə isə gecə yarısı maşınla hamilə bir qadının ölümünə səbəb olan zəngin bir ailədən olan uşaq haqdadır. Bu hissə hadisənin üstünü polislər və vəkillər vasitəsilə örtməyə çalışıldığı, güclünün gücsüzü əzdiyi, ikibaşlı əlaqələrin at oynatdığı bir ədalətsiz sistem panoramasıdır. Son hissə isə sevgi, xəyanət, evlilik, nifrət və qisas duyğularının ön plana çıxdığı bir atmosferdə cərəyan edir. Xüsusilə bu hissənin həm satirik, həm temp sarıdan olduqca əyləncəli və hərəkətli quruluşa malik olduğunu vurğulamaq olar. Eynzi zamanda kino tarixinə yadda qalan bir evlilik səhnəsi bəxş edir.

Damian Szifron hər biri müstəqil qısa film ola biləcək bu altı hekayəni vaxtına görə artan hissələrə görə uyğunlaşdırıb. Hissələr sıra ilə 9, 10, 19, 23, 24 və 30 dəqiqədən ibarətdir. Hər filmə isə Gustavo Santaolallanın hissələrin ruhuna güc qatan və təsiredici musiqiləri əlavə olunub. Vizuallığı və quruluşu isə tamaşaçının marağını çəkəcək şəkildə hazırlanıb.


3 Ocak 2016

"Medeas" - Andrea Pallaoro (2013)




Yazan: Elmidar Süleymansoy


Medeya Yunan mifologiyasında Yasona qızıl badəni tapmaqda kömək edən, onu sevərək ondan bir neçə övlad dünyaya gətirən Kolxida çariçasıdır. Sonradan Yason ona xəyanət edərək başqası ilə evlənəcəyini xəbər verəndə çariça rəqibini və Yasondan olan iki övladını öldürür və babası Günəş tanrısı Heliosun ona verdiyi qanadlı araba ilə göyə çəkilir.

Rejissor Andrea Pallaoro bu mifoloji süjeti ilk tammetraj filmi olan "Medeas"da gen-bol istifadə edib. (Filmin adında söz oyunu olmağını güman etmək olar. Burada söhbət bir yox, bir neçə Medeyadan gedir. Ona görə də adda cəm şəkilçisinin olması təsadüfi deyil) Hadisələr qeyri-müəyyən zamanda baş verir. Lakin yağış yağdırılmasına edilən dua və sonda onun baş verməsi apokaliptik motivləri xüsusən Bibliyanın bu hissə ilə bağlı olan əhvalatlarını xatırladır. Sadəcə landşaftdan bilmək olur ki, ərazi haradasa ABŞ-Meksika sərhədində olan bir yerdir.

Filmdə sujetin xeyli maskulinləşdirilməsini görmək olur. Mifoloji sujet ailənin atası olan kişi roluna proyeksiya olunub. (Filmdə bu rolu Brian F. O'Byrne canlandırır) O xeyli ailəcanlıdır, işgüzardır, övladlarını sevir lakin paralel olaraq patriarxal qaydalarla yaşayır, (televizoru söndürmə səhnəsi, qızının kosmetik vasitələrdən istifadə etməsinə verdiyi kəskin reaksiya, yaşca ikinci oğlunu babasının yanına getməyə israr etməsi və.s.) ənənəvi olaraq ata-oğul (xüsusən də böyük oğulla) münasibətləri çərçivəsində özünü haqlı sayır, yeniyetməlik dövrünə keçmiş qızının üzərində məsuliyyətlə bərabər həm də öz dəyərlərindən irəli gələn hökmlər verir. Ailənin intim həyatının dağınıq olması böyük oğulda Edip kompleksinin əlamətləri, digər uşaqlarda ata bağının demək olar sezilməməsində özünü biruzə verir.


Ana rolununun (Catalina Sandino Morenonun qəhrəmanı) Medeya sujetində yerini xəyanət elementində görmək olar. O lal-kardır (düzdür bunu filmin kulminasiya hissəsindən sonra bilmək olur. “Üç meymun” sujetinin elementlərini də sujetə daxil olmağını görmək olur) ərinə cavan bir kişi ilə xəyanət edir. İntiqam elementlərindən qaçan rejissor qadının əri və məşuqunu qarşılaşdıran zaman mifoloji dekonstruksiyadan istifadə edir. Sadəcə sujetə əlavə gərginlik verməklə hadisəni açıq saxlayır.

2013-cü ildə 70-ci Venesiya film festivalında “Horizontlar” bölməsində iştirak edən filmin rejissoru haqqında həmin il jüri rəhbəri olmuş Paul Schrader müsahibələrinin birində: “Gələcəyi ümid vəd edən 30 yaşlı Bergman” demişdir.    


2 Ocak 2016

"Certified Copy" - Abbas Kiarostami (2010)



İran Yeni Dalğasının ən tanınmış rejissoru Abbas Kiarostaminin İrandan kənarda çəkdiyi filmlərdən biri də “Certified Copy” filmidir. Kiarostaminin 2010-cu ildə Kann film festivalında göstərilən filmi sadə və zərif quruluşa malikdir və olduqca təsirlidir. Filmin əsas rollarını isə Juliette Binoch və William Shimell canlandırıb.

Filmdə İtaliyanın Toskana vilayətində rastlaşan qadın və kişinin qəribə bir tanışlıq hekayəsi mövzu edilir. Onlar ünsiyyət zamanı həyatlarında olan digər insanlara demək istəyib lakin deyə bilmədikləri sözləri bir-birlərinə deyirlər. Bunu isə özləri ilə üzləşməli olduqları qəribə bir oyun vasitəsilə edirlər, lakin bunun oyun olduğunu yoxsa bu cütlüyün əslində, əvvəlcədən tanış olduqlarını tamaşaçı üçün müəyyən etmək çətindir. Elə bu səbəbdən də onların münasibətləri əsl kimi görünür. Orijinal və kopyalanmışın arasında amma orijinalın yerini verə biləcək bir münasibətdir. Abbas Kiarostami qadın və kişi münasibətinin eynisinin sənət və həyat arasında olduğunu göstərməyə çalışıb. Həyat orijinaldır yoxsa sənət? Hansı hansının kopyasıdır? Rejissorun filmin ruhuna yerləşdirdiyi bu suallar İtaliya mənzərəsi və memarlığının fonunda daha da güclənir. Həyat yoxsa sənət?


Filmin böyük hissəsi dialoqlardan ibarətdir. Bu təhkiyəvi sarıdan əlverişsiz olsa da dialoqların uğurlu yazılmağı filmdən bezməyə imkan vermir. Həmçinin Kiarostaminin bu filmində də mizansəhnəni ustalıqla qurduğunu bir daha şahid oluruq, səhnələrdə ritmin düşməyinə imkan vermir. Hər plan sadəlik və zəriflik hissi ilə bəslənilib. Filmin ecazkar fonlar və dərin kompozisiyalarla zəngin olan sinematikliyi, çərçivə içində çərçivə və aynadan əks etdirmə səhnələri ssenari ilə harmoniya təşkil edir. Filmin ən böyük üstünlüklərindən isə aktyorların mükəmməl ifa qabiliyyətidir. Bir planda və uzun çəkən dialoqlar zamanı ifaçıların gücü özünü göstərir. William Shimelin ilk rolu olmağına baxmayaraq bu çətin işin öhdəsindən gələ bilir. Shimellin tərəf müqabili Juliette Binochun isə illərdir öyrəşdiyimiz möhtəşəm ifaçılığı və səhnə qabiliyyəti yenə ön plana çıxıb. Kann film festivalında “Ən yaxşı aktrisa” nominasiyasında qalib olmağı isə təəccüb doğurmur.


29 Aralık 2015

Shahram Mokri ilə "Fish and Cat" filmi haqqında müsahibə


Shahram Mokri

Shahram Mokri ilə müsahibəni təqdim edirik:


(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


Bu film qorxu və komediya janrının qarışığıdır: gülməli anlar bəzən qorxuludur, qorxuducu anlar də bəzən gülüş doğurur. Bundan əlavə filmdə başqa detallarla yanaşı sosial varlıq olan insana toxunulub. Bu cür balansı qorumaq çətin idi?

Mən sehir ilə zaman anlayışını kinoya gətirmək istədim və təbii ki vaxt anlayışını öz fikrimlə çatdırdım. Eshcerin əsərlərinə yaxın bir şey yaratmaq istədim. Kinoda  tamaşaçı bilinməyən birinin nəql etməsi ilə qarşılaşdığı zaman onu beynində daha aydın məntiqə uyğunlaşdırmağa çalışır. Bu filmimdə zaman eyni məkana bağlanıb və ondan kənara çıxmır, elə onların özləri də öz çevrələrində ilişib qalıblar və ordan kənara çıxmaq, azad olmaq artıq qeyri mümkündür. Filmdə hadisələr davam etdikcə sən də gələcəyə doğru gedirsən, gedirsən amma bir müddətdən sonra başlanğıca qayıdırsan və filmdəki bütün aktyorlar eyni hekayəyə daxildir. Zaman onları gələcəyə aparmır əksinə onları başlanıc nöqtəsinə geri gətirir. Filmdə üç zaman çevrəsi var və onların da özlüyündə ayrı-ayrı zamanları. Hadisələr də demək olar ki, bir hadisədən əvvəl başlayır və yenə eynisi davam edir ancaq fərqli bucaqda və filmə sona yaxınlaşdıqca hər zaman dairəsi artıq getdikcə daralmağa başlayır.


Sizin filminiz qismən də olsa olmuş hadisəyə əsaslanır. Filmin hansı hissələri həqiqətən restoranda baş vermiş hadisələrə söykənir? Restoran sahibləri sizin öz təsəvvürünüzdən qaynaqlanıb yoxsa həqiqətən elə adamlar olub? Onların necə bu qədər qəribə və təhlükəli olduqları çox maraqlıdır.

Mən cavan olanda qəzetlərin birində qeyri-adi dadı olan ətdən kabablar hazırlayan restoran haqqında oxumuşdum, onlar mal əti əvəzinə eşşək ətindən istifadə etdiklərinə görə restoran bağlandı. Bir neçə gün sonra baş aşbaz törətdiyi cinayətə görə həbs edildi. Daha sonra da insanlar öz aralarında danışırdılar ki, onlar insanları öldürür və onların ətlərini bişirirdilər. Insanlar deyirdilər ki, restoranda bişən kabablar qurbanların ətləridir. Heç kim bilmir ki, bu hekayə həqiqətən düzdür ya səhv. Amma illər sonra mən bu hekayənin konseptinə uyğun “Fish and Cat” filmini çəkdim.

Aktyorların çoxluğu və onların danışıqları ilə biryerdə iki saatlıq bir film var qarşımızda, sizin qarşılaşdığınız çətinliklər aktyorlarla oldu ya texniki problemlərlə?

Filmi bir dəfə çəkdikdən sonra, iki ay sonra olduğu kimi yenə təkrar çəkdik. Bunu etməyin ən yaxşı variantı isə aktyorların teatral şəkildə təkrarları idi. Gün ərzində iki dəfə filmi başdan-ayağa təkrar edirdik.  Final performansına qədər aktyorlar ağır şəraitdə işlədilər, aktyorlardan biri işini yaxşı eləməkdə tərəddüd çəkdiyi zaman filmi yenə başdan alırdıq çəkməyə. Filmdəki bütün aktyorların teatrlə bağlı keçmişləri olub deyə işimiz daha asan alındı.

İranda qorxu kinolarının vəziyyəti nə yerdədi?  Bu haqda nə qədər kinolar çəkilib və hansıları göstərilib?

Biz İranda qorxu haqqında çox filmlər çəkmirik amma ola bilsin ki çoxu qorxu hekayələrinə əsaslanan filmlər çəkiblər. Bizim xalqa aid olan çoxlu qorxuducu hekayələrimiz var amma onların heç biri kinoda göstərilməyib. Bəlkə də İrana aid olan qorxu hekayələrinin çoxusu paranormal hekayələrdir və də dinlə çox yaxından bağlıdır,  din iran rejissorlarına filmdə çox limitlər, sərhədlər qoyduğu üçün bizim kinoda bu cür hekayələr yer almayıb. Başqa tərəfdən açıqlasaq, qorxu filmləri çəkmək kino biliyi tələb edir və hal hazırda İran da bu sarıdan yoxsundur. Amma İranda yapon və amerikan qorxu kinolarının pirat diskləri xalq tərəfindən daha çox baxılan filmlər sırasındadır.


“Fish and Cat” filmində sizin İran, onun mədəniyyəti, kinosu haqqında elə bir şey var mı ki, amerikanlar bu film vasitəsilə onu başa düşə bilələr?

Film İranın şimalında Saghalegsar adlanan yerdə çəkilib. İranın şimal hissəsi meşələri və gölləri ilə gözəl yerdi. Biz filmi qışda, yaşıllıqdan əsər-əlamət olmayan bir vaxtda çəkdik. Yarpaqların qətl olunduğu bir vaxtda və abu-havanın filmə uyğun gəldiyi bir zamanı seçdik. Filmdəki məkan bizim üçün çox vacib idi, oradakı hər hansısa bir dəyişiklik bizim işimizə təsir göstərə bilərdi. İranda “Fish and Cat” in ekranlaşdırılmasında çox çətinlik çəkdik, çünki həmin vaxtda İran-İraq müharibəsi var idi, bu da hökümətin işini çətinləşdirirdi. Bundan əlavə, filmin başlanğıcında göstərilən tarix islam ölkəsi olan İranda baş verən cinayətlərlə eyni vaxtda olan tarixlə üst-üstə düşür, hansı ki, həmin dövrdə də İran cəmiyyətinin  savadlı adamları, yazıçıları öldürülmüşdü.  Amma  Əhməd Nejat hakimiyyəti gedəndən sonra bizim filmi ekranlaşdırmaq problemimiz ortadan qalxdı. Film amerikan əhvali-ruhiyyəsi bağışlasa da bugünkü İran cəmiyyəti haqqında da danışır. Hekayə elə bir cəmiyyəti bizə təqdim edir ki, ordakı insanlar nəsə qorxunc bir şeyin baş verməsini gözləyir sanki. Mənim bu filmdə göstərmək istədiyim şey bütün bir zaman ərzində dominant olan qorxunu vermək idi. Məncə bu situasiya hələ də İranda davam edir. “Fish and Cat” filmində Gus Van Santın “Elephant”, Bela Tarrın və az da olsa amerikan kinolarının təsiri var. Bu cür qəribə kombinasiyaya görə elə bu filmimi izləməyə dəyər.